Volodimir Zelenski sonuncu dəfə fevralda Oval kabinetdə olarkən Ukrayna prezidenti nankorluqda, mübahisə etməkdə və səliqəsiz geyinməkdə günahlandırılaraq tənqid olunub. Donald Tramp ABŞ-nin hərbi dəstəyini dayandıraraq bununla da Ukraynanın Rusiyanın uzunmüddətli işğalına dirənmək imkanlarını zəiflədib.
Ancaq Zelenskinin Avropa və NATO liderlərinin müşayiəti ilə etdiyi ikinci səfəri tamamilə fərqli idi. Bu dəfə danlaqların yerinə təriflər, ABŞ-nin "təhlükəsizlik zəmanəti" təklifi və prezident Trampın Rusiya prezidenti Vladimir Putini Zelenski ilə üz-üzə görüşməyə təşviq edəcəyi vədi eşidildi.
Avqustun 18-də Ağ evdə keçirilən danışıqların Moskvanın 42 aydır davam edən müharibəsinə son qoymaq üçün zəmin yaradıb-yaratmadığını söyləmək hələ tezdir. Ən azından, bu görüş müharibənin sona çatması və eyni zamanda Ukraynanın, gözlənildiyi kimi, qurban verilməməsinə dair müəyyən bir nikbinlik işartıları yaradıb. Çünki prezident Trampın üç gün əvvəl Alyaskada Putini qırmızı xalça ilə qarşıladığı zaman bir çoxları bunun baş verəcəyindən qorxmuşdu.
"Artıq bu mərhələdə müharibəyə son qoyacaq bir həll yolunun necə görünəcəyinə dair ciddi şəkildə düşünürük", - əvvəllər Mərkəzi Kəşfiyyat İdarəsinin analitiki olmuş və hazırda Vaşinqtonda yerləşən "Quincy Institute for Responsible Statecraft" analitik mərkəzində baş strateji direktor olan Corc Bib bildirib.
Tafts Universitetində siyasi elmlər üzrə tədqiqatçı, Ukrayna və Rusiya tarixi üzrə ekspert Oksana Şevel isə bildirib ki, daha pis ola bilərdi: "Amma mən düşünmürəm ki, hansısa substantiv irəliləyiş əldə olunub, çünki mümkün irəliləyişin detallarından, xüsusilə də təhlükəsizlik təminatlarından söhbət gedəndə ortada heç nə yoxdur".
"Mən əvvəldən bunu zərərin məhdudlaşdırılması üzrə bir cəhd kimi qiymətləndirirdim. Düşünürəm ki, müəyyən dərəcədə buna nail olundu", - hazırda Londondakı Avropa İslahatları Mərkəzinin direktor müavini, keçmiş britaniyalı diplomat İen Bond bildirib. "Aydın məsələdir ki, bu görüş fevraldakı görüşdən qat-qat yaxşı idi", - o əlavə edib.
Alyaskada qırmızı xalça. Ağ evin Oval kabineti
Keçən həftə ABŞ-də Putini qəbul edən Tramp Rusiya prezidentinə dünya səhnəsi təqdim edib və onu birbaşa dinləyib.
Alyaska sammiti Tramp üçün bir qələbə deyildi, o, Rusiyanın hücumunu dayandırmaq üçün atəşkəs əldə edə bilməyib. Bunun əvəzində Putin Rusiyanın bərabər güc kimi qəbul etdiyi ölkədə təntənəli qarşılanıb.
Putin, həmçinin, Trampa incə bir təkan da verib. Belə ki, Tramp Ukraynada dərhal atəşkəs deyil, daha əhatəli sülh sazişi üzərində təkid etməyə razılaşıb. Bu isə o deməkdir ki, genişmiqyaslı bir sazişin əldə olunması istiqamətində danışıqlar Putinə Ukrayna müharibəsinin "əsas səbəblər"ini müzakirə etmək imkanı verəcək. Bu səbəblər uzun tarixi giley-güzardan ibarətdir: bəziləri X əsrdəki Kiyev Rus dövrünə gedib çıxır, bəziləri isə 1990-cı illərin sonuna — NATO-nun şərqə doğru genişlənməyə başladığı dövrə. Putin Moskvaya qayıtdığı gün Kremlin iclasında bir daha həmin "əsas səbəblər"i xatırladıb.
Bu, həmçinin Putinə vaxt qazandırır. Zelenskinin səfərindən bir gün sonra Rusiya dronları və raketləri Ukraynanın mülki obyektlərinə zərbələr endirib.
Nyu-Yorkdakı Kornell Universitetinin hərbi tarix professoru Devid Silbi deyib ki, "Rusiya müharibədə qalib gəlir, asta və ağrılı olsa da, o, qalib gəlir və bu o deməkdir ki, Putin hər hansı real güzəştlərə getməyə daha az meyllidir".
Ukrayna üçün "təhlükəsizlik təminatları" uzun müddətdir ki, Zelenskinin prioritetləri sırasındadır və Trampın buna razılıq verməyə istəkli olması kiçik olsa da, bir qələbədir. Şübhəsiz ki, bu, "ərazi mübadiləsi" variantından daha yaxşıdır.
Avropa liderlərinin dəstəyi Putinin Brüssel və Vaşinqton arasında fikir ayrılığı yaratmaq cəhdində uğursuz olduğunu göstərib. Bu, Kiyev üçün qorxulu bir ehtimal idi. Tramp isə Putini Zelenski ilə görüşməyə təşviq edəcəyinə söz verib.
"Məncə, Zelenski ABŞ və Avropanın aparıcı liderlərinin onu dəstəkləməsi görüntüsündən çox faydalandı", - Bibi bildirib. "O, Rusiya ilə yekun sülh sazişini imzalayarkən buna istinad edə və deyə bilər: "Arxamızda Qərb dayanır. Biz burada tək deyilik. Biz yalnız buraxılmayacağıq'".
Rusiya Xarici İşlər Nazirliyindən verilən siqnallar isə mənfidir. Putin Zelenskini qeyri-legitim lider hesab edir və bu mənada üzbəüz görüş əhəmiyyətli bir güzəşt olardı.
"Həmçinin, çox aydındır ki, ruslar heç bir halda Qərb (sülhməramlı) qüvvələrinin Ukraynada yerləşdirilməsi əsasında bir saziş imzalamağa hazır deyillər", - Bond bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Ukraynada rusdilli əhali" məsələsinin də prioritet olduğunu bəyan etməklə suları bulandırıb. Bu, Rusiyanın istifadə etdiyi çoxdankı bəhanədir, onun tarixi Moskvanın 2014-cü ildəki hücumlarına və Kiyevin rus dilini sıxışdırdığı iddialarına gedib çıxır.
"Bu, həm Ukrayna, həm də Zelenski üçün mövcudluq müharibəsidir. O, bunu Rusiyanın şərtləri ilə həll etmək istəmir. Trampın isə bunu həll etmək üçün kifayət qədər diqqəti yoxdur. Putin isə qalib gəlir, ona görə də bunu həll etməyə ehtiyacı yoxdur. Beləliklə, mən bunun bitəcəyini görmürəm, ən azı ilin sonuna qədər", - Silbi bildirib.
Yazını AzadlıqRadiosunun jurnalistləri Mayk Ekkel və Todd Prins hazırlayıb.