Tacikistan hökuməti falçı və cadugərlərin xidmətindən istifadəyə görə cərimələrin tətbiqini nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib. Bu barədə AzadlıqRadiosunun tacik xidməti sənəd layihəsinə istinadən məlumat yayıb.
Əgər qanun layihəsi təsdiqlənərsə, bu, ölkənin İnzibati Xətalar Məcəlləsinə daxil ediləcək. Cadugər və falçıların yanına getməyə görə 375–750 somo (40.27-80.5 ABŞ dolları) cərimə tətbiq olunması təklif edilir.
Tacikistanın İnzibati Xətalar Məcəlləsinə əsasən, cadugərlik və falçılıqla məşğul olmaq inzibati məsuliyyətə səbəb olur. Belə ki, fiziki şəxslər 6 min–7 min 500 somo (645-805 dollar) cərimə və ya 10-15 gün müddətinə inzibati həbs oluna bilərlər.
Əgər bir il ərzində eyni pozuntu təkrar olunarsa, cadugərlik və falçılıqla məşğul olan şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Ölkənin Cinayət Məcəlləsində bu halla bağlı 1 ildən 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.