Xaricdə yaşayan mühacir və bloqerlərdən daha bir neçəsinin haqqında qiyabi aparılan istintaq tamamlanıb. Baş Prokurorluğun İstintaq İdarəsi onların vəkillərinin avqustun 20-dən cinayət işinin materialları ilə tanış ola biləcəklərini açıqlayıb.
Adı təqsirləndirilən şəxslər sırasında olan hüquqşünas, "Azerifreedom" internet kanalının rəhbəri Qurban Məmmədov da haqqındakı cinayət işinin materiallarıyla tanış olmaq istəyir. 2018-ci ildən Böyük Britaniyada yaşayan Q.Məmmədov materialların onun elektron poçtuna göndərilməsindən ötrü baş prokuror Kamran Əliyevə məktub ünvanlayıb.
"Mən videokonfrans vasitəsiylə ittiham tərəfinin istənilən sualına cavab verməyə, üzləşmələrdə, sübutların araşdırılmasında iştirak etməyə hazıram", - o, məktubunda belə yazıb.
Baş Prokurorluğun yaydığı məlumatda vurğulanıb ki, istintaqda təqsirləndirilən mühacir və bloqerlərə dövlət hesabına vəkil təyin edilib. Q.Məmmədovsa bildirir ki, ona təyin edilən vəkil bircə dəfə də onunla əlaqə saxlamayıb, nəyisə dəqiqləşdirməyib. Heç vəkilinin kim olduğunu da bilmir: "Mənim müdafiə hüququmun guya təmin edilməsi formal xarakter daşıyır".
Qiyabi çıxarılan hökmlər var
Q.Məmmədova Cinayət Məcəlləsinin 220.2-ci (kütləvi iğtişaşlara çağırış), 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələriylə ittiham verilib. Bu maddələrdə 8 ilədək həbs cəzası nəzərdə tutulub.
O, ittihamları qəbul etmir, haqqındakı cinayət işinin siyasi mövqeyindən, Azərbaycan hakimiyyətinə qarşı mübarizəsindən qaynaqlandığını vurğulayır.
Cinayət işinin materiallarıyla tanışlıq mərhələsindən sonra iş məhkəməyə göndəriləcək.
Son vaxtlar xaricdəki bloqerlərdən bir neçəsinin haqqında qiyabi hökm çıxarılıb. Almaniyada yaşayan Qabil Məmmədov 16 il, İmaməddin Əlimanov 7 il azadlıqdan məhrum edilib. Hər ikisinin məhkəməsi onların iştirakı olmadan keçirilib və hökm də qiyabi şəkildə çıxarılıb.
Haqqında qiyabi cinayət təqibi aparılanlar sırasında "Azad söz" internet kanalının rəhbəri Tural Sadıqlı, vaxtilə Azərbaycanda bir çox tenderlərin qalibi olmuş "Akkord" şirkətinin rəhbəri İlqar Hacıyev, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayev və başqaları var.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xaricdəki 7 bloqer haqqında həbs qərarı: 'Onlarda psixoloji gərginlik yaratmaq istəyirlər'