2025-ci ilin 7 ayında Azərbaycana ümumilikdə 1 milyard 170 milyon 990 min ABŞ dolları dəyərində 63 min 401 ədəd avtomobil idxal olunub.
Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 23.9 (12 min 222 ədəd), dəyəri isə 24.1 faiz ( 227.1 milyon dollar) artıb.
Amma əvəzində ölkədə avtomobil istehsalı azalıb.
Maşın, avadanlıq, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2025-сi ilin yanvar-iyul aylarında 355.1 milyon manatlıq məhsul istehsal edilib.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 10.6 faiz artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 12.7 faiz azalıb.
Rəsmi məlumata görə, bu ilin 7 ayında 2 min 292 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 232 ədəd az minik avtomobili istehsal olunub.
Bir sıra ekspertlər də hesab edir ki, Azərbaycanda avtomobil istehsalı bir növ görüntü xarakter daşıyır. Onların fikrincə, bu, avtomobil istehsalından çox onun yığılması kimi qiymətləndirilməlidir, çünki onların əksər hissələri xaricdən idxal edilir.
Ekspertlər vurğulayır ki, hökumət daxili bazarı qorumaq adı ilə avtomobillərin gömrük idxal rüsumlarını yüksək tutur.