Fransa prezidenti Emmanuel Makron bildirib ki, avqustun 18-də Vaşinqtonda keçirilən danışıqlardan sonra növbəti iki həftə Ukrayna üçün təhlükəsizlik təminatlarının müəyyən edilməsi istiqamətində "kritik" olacaq.
"Təhlükəsizlik zəmanətləri ilə bağlı əvvəlcədən görülməli olan işlər var. Qarşıdakı 15 gündə amerikalılarla birgə bu işləri yekunlaşdırmaq və bu təhlükəsizlik zəmanətlərinin məğzini təqdim etmək bizim üçün çox vacibdir", - Makron Fransanın LCI telekanalına müsahibəsində deyib.
O, həmçinin Kremlə etibar etməmək barədə xəbərdarlıq edərək, Rusiyanı "sabitliyi pozan qüvvə" və "qapımızdakı yırtıcı" adlandırıb.
Fransa dövlət başçısının sözlərinə görə, Ukrayna üçün təhlükəsizlik zəmanətinin nədən ibarət olacağı hələ aydın deyil, lakin Makron əlavə edib ki, "britaniyalılar, fransızlar, almanlar, türklər və başqaları əməliyyatlar həyata keçirməyə hazırdırlar. Bu əməliyyatlar provakativ xarakterli deyil və cəbhə xəttində olmayacaq, ancaq havada, dənizdə və quruda təminat xarakterli əməliyyatlar ola bilər".
Avqustun 18-də Volodimir Zelenski və yeddi Avropa lideri Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşüblər. Danışıqların əsas mövzusu Birləşmiş Ştatların Ukraynanın təhlükəsizliyinin təmin edilməsində iştirakı olub. Görüş Tramp və Rusiya prezidenti Vladimir Putinin Alyaskadakı sammitindən sonraya təsadüf edir.
Ukrayna və Rusiya meyitləri növbəti dəfə dəyişiblər
Ukrayna və Rusiya arasında müharibədə həlak olanların meyitlərinin növbəti mübadiləsi baş tutub. Ukraynanın Əsirlərlə İş üzrə Koordinasiya Qərargahının yaydığı məlumata görə, mübadilə çərçivəsində Ukraynaya min meyit qaytarılıb. Bildirilib ki, onlar arasında Donetsk, Zaporojye, Luqansk və Kursk istiqamətlərində gedən döyüşlərdə həlak olanların meyitləri var.
Rusiya əsirliyində ölən beş ukraynalı hərbçinin də meyiti təhvil verilib. Ukrayna tərəfi bildirib ki, bu hərbçilərin adları İstanbulda danışıqların ikinci raundu zamanı əldə olunmuş razılaşmaya əsasən, dəyişdiriləcək "ağır yaralı və ağır xəstə" əsirlərin siyahısında olub.
Rusiyanın "Военный осведомитель" Teleqram kanalı Ukraynanın Rusiyaya 19 meyit təhvil verdiyini bildirib. Rusiya qurumları rəsmi olaraq, hələlik, mübadilə barədə açıqlama verməyib.
İyunun əvvəlində İstanbulda keçirilən birbaşa danışıqların ikinci raundunda Ukrayna və Rusiya bütün ağır xəstə hərbi əsirləri, həmçinin həlak olmuş hərbçilərin meyitlərini "6000-ə 6000" düsturuna əsasən dəyişdirmək barədə razılığa gəliblər.