Avqustun 19-da Ermənistan baş naziri ilə görüşündən sonra İran prezidenti Məsud Pezeşkian bildirib ki, bölgədəki problemlərin digər qüvvələrə ötürülməsi vəziyyəti daha da mürəkkəbləşdirir.
"Biz hesab edirik ki, bölgədə idarəetmə Qafqaz ölkələri tərəfindən aparılmalıdır və problemlərin bölgə xaricindəki güclərə ötürülməsi bölgədəki vəziyyəti daha da çətinləşdirir", - İran prezidenti baş nazirlə görüşündən sonrakı mətbuat konfransında vurğulayıb.
Pezeşkian əlavə edib ki, İran həmişə Ermənistan Respublikasının ərazi bütövlüyünü müdafiə edib. "Bu bizim siyasətimizdir. Biz bölgədə hər hansı bir qüvvənin iş görməsinə qarşıyıq", - deyərək bölgədə sülhün İran üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb və Ermənistan-Azərbaycan arasında aparılan sülh danışıqlarını dəstəklədiyini də önə çəkib.
Ermənistan baş naziri Paşinyanın sözlərinə görə, hər iki tərəf razılaşıb ki, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq üçün işlər görməyin vaxtı gəlib çatıb.
"Prezident Pezeşkianla biz hökumətimizin əsas prioritetlərindən biri olan regional sülh və iqtisadi infrastrukturun blokadalarının aradan qaldırılması məsələlərini detallı şəkildə müzakirə etdik", - Paşinyan bildirib.
Paşinyan onu da deyib ki, Ermənistan və İran üçün beynəlxalq sərhədlərin toxunulmazlığı və fasiləsiz kommunikasiya məsələləri həyati əhəmiyyət daşıyır.
"Avqustun 8-də imzalanan birgə bəyanatın təfərrüatlarını və Ermənistan ilə Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair ilkin razılaşmanı cənab prezidentə təqdim etdim", - Ermənistan baş naziri bildirib.
Ermənistan baş naziri və İran prezidenti birgə bəyanat imzalayıb. Görüşdən sonra imzalanan bəyanat hələ dərc edilməyib.
Pezeşkianın Ermənistana ilk rəsmi səfəri zamanı Paşinyanla keçirilən danışıqlar nəticəsində 10 niyyət protokolu imzalanıb.
Xatırlatma
Avqustun 8-də Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə onlar görüşün nəticələri haqda bəyannamə imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.